Nigeriyada “The Guardian” qəzetinin xəbər redaktorunun köməkçisi Bayo Ohu beş silahlı şəxs tərəfindən qətlə yetirilib.
Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) məlumat verilib. Məlumata görə, qatillər kilsəyə getməyə hazırlaşan jurnalistə evinin qapısını açan kimi səkkiz dəfə atəş açıblar. Polis B.Ohuya hücumun silahlı oğurluq olmasından şübhələndiyini desə də, evdən jurnalistin noutbukundan və mobil telefonundan başqa heç nə götürülməyib. Bu da onun qətlinin məhz jurnalist fəaliyyəti ilə əlaqədar olması ilə bağlı şübhələrə səbəb olur.
Bayo Ohunun uşaqlarından biri bildirib ki, silahlılardan biri “Səfeh öldü” deyə qışqırıb. Qonşular isə silahlıların atəş açdıqdan sonra hadisə yerində bir qədər də qaldıqlarını, adamları uzaqlaşdırmaq üçün havaya atəş açdıqlarını bildiriblər. BMİ-nin Ölüm Siyahısına görə, Nigeriyada 2006-cı ildən bəri iki jurnalist məqsədli şəkildə qətlə yetirilib və hər iki qətllə bağlı heç kim həbs olunmayıb.
BMİ-nin direktoru Devid Dədc Nigeriya hökumətini bu qəddar qətli ətraflı araşdırmağa çağırıb: “Əgər Bayo Ohunun qətlinin onun jurnalist kimi fəaliyyət göstərməsi ilə əlaqədar olması meydana çıxarsa, onda Nigeriya hökuməti bu qatillərin azadlıqda qalmasına görə ölkədəki hər bir jurnalist qarşısında məsuliyyət daşıyacaq”.
|