-Məhkəmə qalmaqallarından sonra camaatda belə bir fikir yaranıb ki, sən İslam Rzayevin yox, dostun İslamın adını təxəllüs götürmüsən…
Mən İslam təxəllüsünü götürəndə bu biri İslamı tanımırdım, bəlkə də o, 7-ci, ya da 8-ci sinifdə oxuyurdu. Sadəcə demək istəyirəm ki, adıçəkilən insan məndən 10 yaş kiçikdir, 19 yaşı var. Belə olan halda biz onunla necə eşq yaşaya bilərik?! Düzdür, biz dostuq, bu söhbətlərdən sonra da dostluğumuz davam edir. Dostluğumuzdan ailəmin də xəbəri var. O ki qaldı ustadıma, onun adını boş-boşuna daşımıram. Mən İslam Rzayevin yaradıcılıq gecəsini keçirmişəm, onun adına kitab çap etdirmişəm. Bütün bunları ustadımın ruhu xoş olsun deyə, adını halallıqla daşımaq üçün edirəm. Ustadımın ifa etdiyi muğamları öyrənirəm, oxuyuram. Axı bunun o biri İslama nə aidiyyatı?
-İslam Rzayevin bacısı Səfurə xanım sənin İslam təxəllüsünü daşımana etiraz edir…
Mən bu adı ustadımın halallığı ilə almışam. Üçüncü şəxsin bu işə qarışması düzgün deyil.
-Qəzetlərdə bəzi açıqlamalar elə dostunun adından yazılmışdı. Necə olur ki, dostluğunuz hələ də davam edir?
Əvvəlcə mən də elə düşündüm ki, qəzetlərə o, açıqlama verib. Amma bu barədə ondan soruşduqda dəli oldu. Birbaşa həmin qəzetin redaksiyasına gedib məsələni aydınlaşdırdı. Bundan sonra sifarişin kim tərəfindən edildiyi bizə aydın oldu.
-Hər halda onların məhkəmə ilə problemləri var...
Özünün yox, atasının var. Amma bu o demək deyil ki, bu işdə mənim də əlim var. Mənim hər sahədən çoxlu dostum var. Belə çıxır, Allah eləməsin, onların başına da iş gəlsə, mənim adım hallanmalıdır?! Əsas odur mənim özümə məlum oldu ki, adım o məhkəmədə hallanmayıb. Bütün bunlar sadəcə, sifarişli yazılardır.
-Dedin ki, sifarişin kim tərəfindən edildiyini öyrənmisən. Kimdir o?
Kim olduğunu özüm bilirəm bəsdir. Təkcə bunu deyə bilərəm: o insandan çox adama pislik dəyib. Amma həmin adam bilmir ki, mən istəsəm, onu yox etdirə bilərəm.
-Dostun sənin xalq artisti fəxri adını almaq üçün bir millət vəkilinə 150 000 manat rüşvət verdiyini açıqlayıb. Axı sən heç əməkdar artist deyilsən, birdən-birə necə xalq artisti ola bilərdin?
Birincisi, mənim heç nədən xəbərim yoxdur, olanları qəzetlərdən oxuyuram. İkincisi də, o kişini heç tanımıram. Qəzetdə şəklimizi yan-yana görəndən sonra kimliyi ilə maraqlandım. Məsələ aydınlaşandan sonra həmin qəzet yazıya təkzib verdi.
|